İnsanlar bəzən fərqinə varmadan psixoloji manipulyasiyaya məruz qalırlar. Bu cür davranışlar ailə münasibətlərində, dostluqda və iş mühitində rast gəlinir. Psixoloq Deniz Milk xəbərdarlıq edir ki, ilk baxışda adi görünən bəzi ifadələr zamanla insanın özünəinamını zəiflədə, qərar vermək qabiliyyətinə və reallıq hissinə mənfi təsir göstərə bilər.
Mütəxəssisin sözlərinə görə, manipulyasiya çox vaxt açıq təzyiq formasında deyil, günahkarlıq hissi yaratmağa və emosional təsir göstərməyə yönəlmiş cümlələrlə həyata keçirilir.
Manipulyasiya məqsədilə işlədilən ifadələrdən bəziləri bunlardır:
- “Sənin üçün bu qədər şey etmişəm, indi mənə “yox” deyəcəksən?”
Bu ifadə qarşı tərəfdə borcluluq və günahkarlıq hissi yaratmaq məqsədi daşıyır. Keçmişdə göstərilən yaxşılıqlar təzyiq vasitəsinə çevrilir. - “Əgər işinə həqiqətən bağlı olsaydın, bunu qəbul edərdin.”
İş mühitində rast gəlinən bu cümlə əməkdaşın sadiqlik hissindən istifadə edərək onun şəxsi sərhədlərini aşmağa sövq edə bilər. - “Sən hadisəni yanlış xatırlayırsan, əslində belə olmayıb.”
Psixologiyada “gaslighting” kimi tanınan bu üsul insanın öz yaddaşına və qavrayışına şübhə ilə yanaşmasına səbəb olur. - “Hamı bunu normal qarşılayır, yalnız sən problem yaradırsan.”
Bu yanaşma insanı təcrid olunmuş hiss etdirməyə və çoxluğun fikrinə uyğun davranmağa məcbur etməyə hesablanıb. - “Bu məsələni davam etdirsən, bütün komandaya zərər vuracaqsan.”
Belə ifadələrlə məsuliyyət bir nəfərin üzərinə qoyulur və onun öz hüquqlarını müdafiə etməsinin qarşısı alınmağa çalışılır.
Psixoloq bildirir ki, manipulyativ davranışları vaxtında fərq etməyin çətin olmasının əsas səbəblərindən biri onların tədricən ortaya çıxmasıdır. Təzyiq addım-addım artdığı üçün insanlar vəziyyətin ciddiliyini dərhal hiss etmirlər.
Digər səbəb isə emosional və ya peşəkar bağlılıqdır. İnsan qarşı tərəflə münasibətlərini qorumaq istədiyi üçün xəbərdarlıq siqnallarını görməzdən gələ və ya onlara bəraət qazandırmağa çalışa bilər.

No Comment! Be the first one.