Yay mövsümündə süfrələrin ən çox istifadə olunan tərəvəzlərindən biri olan pomidor düzgün saxlanılmadıqda tez yumşalır və təravətini itirir. Qida mütəxəssisləri isə onun daha uzun müddət təzə qalması üçün sadə, lakin effektiv üsul tövsiyə edirlər.
Mütəxəssislərin sözlərinə görə, tam yetişmiş pomidorları saplaq hissəsi aşağı istiqamətdə olmaqla düz səth üzərində saxlamaq daha məqsədəuyğundur. Bu üsul saplaq hissəsindən hava və bakteriyaların daxil olmasını məhdudlaşdırır, nəticədə nəm itkisi azalır və xarab olma prosesi ləngiyir.
Bundan əlavə, pomidorların üst-üstə yığılmaması, əzilməyəcək şəkildə tək qat halında düzülməsi də onların təravətini daha uzun müddət qorumağa kömək edir.
Qida mütəxəssisləri yetişməmiş pomidorların soyuducuda deyil, otaq temperaturunda saxlanılmasını məsləhət görürlər. Soyuq mühit onların təbii yetişmə prosesini zəiflədir, dad və ətirində dəyişiklik yarada bilər.
Əgər pomidor artıq tam yetişibsə və onu qısa müddət saxlamaq lazımdırsa, soyuducudan istifadə etmək mümkündür. Ancaq istifadə etməzdən əvvəl pomidorun bir müddət otaq temperaturunda saxlanılması onun təbii dadını və aromasını daha yaxşı bərpa etməyə imkan verir.

No Comment! Be the first one.